IFL Qran-Prinin çempionu bəlli oldu

11 sentyabr 2021

Sentyabrın 10-da Beynəlxalq Döyüş Liqasının və SMG şirkətinin təşkilatçılığı, AzMMAF-ın dəstəyi ilə IFL Qran-Pri yarışının yarımfinal və final mərhələsinə yekun vuruldu. 

Yarımfinal mərhələsinin ilk cütlüyü Elşad Əlizadə və Yusif Vəliyev, ikinci cütlüyü isə Denis Məlikov və Kəyyar Piriyev idi. Yarımfinal mərhələsinin döyüşlərində Yusif Vəliyevin təcrübəsi, Kəyyar Piriyevin isə inadı hər iki döyüşçünün adını finala yazdırdı.

 

Eyni gündə baş tutan final mərhələsi maraqlı anlarla yadda qaldı və yekunda hakimlərin yekdil qərarı ilə Kəyyar Piriyev Qran-Prinin çempionu adını qazandı. 

Xatırladaq ki, həvəskar döyüşçülər üçün nəzərdə tutulan IFL Qran-Pri turniri 32 döyüşçü ilə start götürmüşdü. Qalibin adını müəyyənləşdirmək üçün isə dörd həftə lazım oldu və bu sınağın yeganə qalibi — Kəyyar Piriyev çempion kimi qəfəsdən çıxmağı bacardı. 

 

Çempionluq kubokunu qalibə IFL təşkilatının prezidenti Heydər Məmmədəliyev təqdim etdi. Eyni zamanda, qalibə baş sponsor «Azart Tuning», eləcə də təşkilatçılar tərəfindən pul mükafatı təqdim olundu. IFL Qran-Pri turnirində qalib üçün nəzərdə tutulan ən önəmli mükafat isə onun Beynəlxalq Döyüş Liqası ilə müqavilə imzalaması oldu. Qeyd edək ki, bu mükafat peşəkar döyüş meydanına atılmaq üçün önəmli tramplin rolunu oynayacaq.

Nəzərinizə çatdıraq ki, turnirin əsas tərəfdaşı «Azart Tuning» və «İpəksu» şirkətləridir.

 

Pandemiya ilə əlaqədar izləyicisiz baş tutan turnirin yayım dəstəkçisi isə CBC Sport kanalı idi. Bütün döyüşlər CBC Sport kanalı vasitəsilə canlı yayımlanırdı. 

 

Final döyüşü günü CBC Sport kanalında məhz IFL Qran-Pri turnirinə həsr olunmuş xüsusi buraxılış yayımlandı. Buraxılışın qonaqları olan IFL təşkilatının prezidenti H.Məmmədəliyev və SMG şirkətinin direktoru A.Əhmədov turnir ilə bağlı sualları cavabladılar, eyni zamanda, yaxın gələcəkdə növbəti Qran-Prinin planlaşdırılması ilə bağlı izləyicilərə məlumat verdilər.